Azərbaycan Banklar Assosiasiyası tərəfindən təşkil edilən "VI Beynəlxalq Bankçılıq Forumu” başa çatmışdır

25 noyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankının, Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı, Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin dəstəyi və “Mastercard” beynəlxalq ödəniş sisteminin qlobal tərəfdaşlığı ilə ənənəvi VI BEYNƏLXALQ BANKÇILIQ FORUMU – “ETİBARLI, TƏHLÜKƏSİZ VƏ DAYANIQLI BANKÇILIQ” başa çatmışdır.

Forumu giriş sözü ilə açıq elan edən Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Taleh Kazımov ümumilikdə bank-maliyyə sektoru haqqında məlumat verərək, rəqəmsal transformasiya və texnoloji innovasiyaların bank-maliyyə məhsullarına əlçatanlığın sürətləndirilməsinə töhfə verdiyindən vurğuladı. Sədr bu istiqamətdə rəhbərlik etdiyi qurumun gördüyü və gələcəkdə görəcəyi işlər haqqında məlumat verərək, texnoloji innovasiyaların özü ilə birgə gətirdiyi kibertəhlükəsizlik sahəsinə xüsusi diqqət ayrılmasının vacibliyini Forum iştirakçılarının diqqətinə çatdırdı.

Daha sonra Türkiyə Banklar Birliyinin İdarə heyətinin sədri Alpaslan Çakar çıxışında bank sektorunun iqtisadi inkişafda rolundan, maliyyə dayanıqlığı üçün görülən işlərdən, Türkiyə bank sektorunun təcrübəsindən və iqtisadiyyatdakı yeniliklərdən, rəqəmsal transformasiyadan, dayanıqlı maliyyələşmədən, ESG bankçılıqdan və bu istiqamətdə TBB-nin gördüyü işlərdən danışdı.

Sözü alan Milli Məclisin “İqtisadi siyasət, sənaye və sahibkarlıq” komitəsinin sədri Tahir Mirkişili dünya iqtisadiyyatındakı son trendlər haqqında məlumat verərək onun gələn il də bir çox çağırışlarla üzləşəcəyini diqqətə çatdırdı. Millət vəkili bu tendensiyanın ölkə iqtisadiyyatına və o cümlədən maliyyə-bank sektoruna da təsirsiz ötməyəcəyini qeyd etdi. O, ötən dövr ərzində Azərbaycanın monetar və fiskal siyasətində çevikliyin, vaxtında görülən işlərin və qəbul edilən proqramların, ölkənin srtateji valyuta ehtiyyatlarının həcminin qlobal konyunkturdakı çağırışların öhdəsindən gəlməyə və maliyyə dayanıqlığının təmin edilməsinə nail olmağa imkan verdiyini bildirdi.

Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev çıxışında son dövrlərdə bank sektorunun inkişafını bəzi kəmiyyət və keyfiyyət göstəriciləri ilə təsvir etdi. Zakir Nuriyev pandemiyadan sonrakı bank sektorunda sürətli artım tempinin növbəti ildən daha idarə edilə bilən, mülayim inkişaf tendensiyasına keçəcəyini gözlədiklərini  və bunun sektorun inkişafına dəstək ola biləcək yeniliklərin tətbiqi üçün ən optimal dövr hesab edilə biləcəyini vurğuladı. O, çıxışında neobanklar, rəqəmsal banklar haqqında danışarkən bu sahədə qanunvericilik bazasının formalaşdırılması prosesinin sürətləndirilməsi və dövrün tələblərinə uyğunlaşa biləcək daha dinamik təməllər üzərinə keçirilə biləcəyinin vacibliyindən bəhs etdi. 

Forumun daha bir qonağı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı olub. İcraçı direktor Azərbaycan Bank aktivlərinin Ümumi Daxili Məhsulunda (ÜDM) payından danışıb və “2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda bankçılığın əsas inkişafı istiqamətləri barəsində məlumat verib. 

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov çıxışında sahibkarlar və banklar arasında kommunikasiyanın vacibliyindən, sahibkarların problemlərinin banklara çatdırılmasında KOBİA-nın vasitəçiliyindən danışıb və “2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində Agentliyin qarşısında duran vəzifələrdən bəhs edib.

Forumun açılışında çıxış edən “Mastercard” beynəlxalq ödəniş sisteminin Türkiyə və Azərbaycan üzrə baş direktoru Hüsnü Avşar Gürdal istehlakçı davranışlarının formalaşması və dəyişməsi və bunun maliyyə sektoruna gələcək təsirləri haqqında tədbir iştirakçılarına genış məlumat vermişdir.

Açılış nitqlərinin ardınca “Mastercard” və “AzeriCard” arasında strateji tərəfdaşlıq haqqında memorandum imzalanmışdır. Memorandumu “AzeriCard” tərəfindən şirkətin baş direktoru Fərid Quliyev, “Mastercard” tərəfindən isə qurumun Türkiyə və Azərbaycan üzrə baş direktoru Hüsnü Avşar Gürdal imzalayıb.

Forum çərçivəsində digər  memorandum Azərbaycan IT şirkəti olan “SINAM” və Litvanın “BS/2”şirkətinin Azərbaycandakı nümayəndəliyi arasında olmuşdur.

Ümumilikdə iki gün davam edən Forumda aidiyyatlı dövlət qurumları, kommersiya bankları, yerli və xarici biznes və ictimai təşkilatların rəhbərləri, beynəlxalq maliyyə institutları, həmçinin Türkiyə, Amerika Birləşmiş Ştatları, Avropa Birliyi, Müstəqil Dövlətlər Birliyi, Yaxın Şərq və digər ölkələrindən 200-ə yaxın beynəlxalq təşkilatların və nüfuzlu şirkətlərin nümayəndələri iştirak etmişdirlər. Tədbirdə “POST-COVID dövründə bankçılıq: çağırışlar və imkanlar”, “Açıq bankçılıq: gələcək daha əlaqəlidir”, “Ödənişlər: asanlıqdan super sürətli və super maneəsizə doğru”, “Rəqəmsal aktivlər: bizi nə gözləyir”, “Müxbir münasibətlər”, “Kibertəhlükəsizlik trendləri” adlı yeddi panel ətrafında müzakirələr aparılmış, 50-dən çox spikerin çıxış etmiş panellərə 1000-dən çox iştirakçı dinləyici kimi qoşulmuşdur.


Qeyd edək ki, bu Forum Bakıda hər il təşkil edilən iki beynəlxalq tədbirdən biri olmaqla regionun ən nüfuzlu maliyyə-bank tədbiridir. Digər tədbir isə illik əsasda keçirilən “Fintex Sammit”dir.


Əlavə məlumat üçün:

https://www.gbmevents.az/en/events 

Other news